Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

Paylaş:

2019-12-26

Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza atıb. Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçib.

Belə ki, bank əməkdaşların maliyyə və mühasibatlıq üzrə hazırlıq səviyyəsinin artırılması və sertifikasiyaların əldə olunması üçün dəstək göstərməkdədir. Peşəkar inkişaf tədbirlərinin təsdiqi olaraq əsas ofisi Londonda yerləşən ACCA (Association of Chartered Certified Accountants) təşkilatı tərəfindən “Approved Employer – Platinum” statusu banka təqdim olunub. Bu akkreditasiya əməkdaşların maliyyə və mühasibatlıq üzrə peşəkarlıq səviyyəsinə yüksək dəstək göstərən təşkilatlara xüsusi qiymətləndirmə prosesinin nəticəsi olaraq təqdim edilir və Kapital Bank Azərbaycanda bu adı qazanan ilk bankdır.

Əməkdaşların təlim və inkişafına diqqətlə yanaşan, cəlbedici işəgötürən olmaqla bağlı silsilə addımlar atan Kapital Bank, bu istiqamətdə də bir sıra yerli və beynəlxalq layihələr həyata keçirir. Bank 2018-ci ildə özünün İnsan Kapitalı Akademiyasını açıb və hazırda bu akademiya bank sektorunda ən böyük korporativ təlim mərkəzidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.